Bu yazı "Tələbədən" seriyamızın ilk məqaləsidir — IDTECH tələbəsi Nilufər Səfərlinin öz Substack səhifəsində paylaşdığı bir qeydi sizinlə bölüşürük. Bundan sonra tələbələrimizdən gələn məqalələri bu formatda paylaşacağıq.
Dolub-daşan todo list-in var, amma hələ də maraqlı və yeni nəsə görəndə hər şeyi unudursan?
Xeyirli olsun, probleminin elmdə adı Parıldayan Obyekt sindromudur (Shiny Object Syndrome).
Xeyirli olsun deyirəm, çünki idarə eləməyi bacaranda insanı yerdən göyə qaldıra biləcək bir "xəstəlikdir". Amma gəlin idarə olunmamasının nələrlə nəticələndiyinə baxaq:
İdarə olunmayanda nə baş verir?
- 1. Heç bir planını sona qədər davam etdirə bilmirsən — marağını çəkən başqa bir şey meydana çıxan kimi əvvəlki planlarının üstündən xətt çəkib yeni şeyin arxasınca düşürsən.
- 2. Heç bir sahənin dərinliyinə düşə bilmirsən — hər şeydən xəbərin olur, amma əldə tutulacaq heç nə qalmır.
- 3. Aydınlanma yaşayıb çökürsən — nə qədər qaçsan da, əmək sərf eləsən də, hər şeydə səthi qaldığını anlayırsan. Elə burada da özünə inamsızlıq və potensialını aşağı görmək başlayır.
Halbuki tək problem yanaşmadan qaynaqlanır. Aydınlanma fazasını keçdiyimizə görə, gələk bu parıltılı problemlə baş etmə yöntəminə.
Birinci addım: vaxtın hələ qabaqdadır
Planlarınızı həyata keçirməyiniz üçün qarşınızda uzun illərinizin olduğunu unutmayın. Bu gün vaxt ayırıb edə bildiyiniz şeylər, həyatınızdan çıxmış hansısa alışqanlığınızın ya da rutininizin yerini doldurur.
Bu da o deməkdir ki, bundan sonra da yerdəyişmələr olacaq — hazırda vaxt və ya resurs çatışmazlığından diqqətinizdən kənar qalan maraqlarınıza da sıra çatacaq. Bu hissəni beləcə qatlayıb qoyuruq kənara.
İkinci addım: qısamüddətli, dəqiq hədəflər
Özünüzə qısamüddətli, dəqiq hədəflər qoyun. Hədəflərinizin sizi nə qədər müddət ərzində hansı insana çevirəcəyini təxmini planlaşdırın və çevrilmək istədiyiniz insandakı özəllikləri elə ifadə edin ki, öz beyninizin öhdəsindən gələ biləsiniz. O hədəf və planlarınıza sadiq qalıb birinci addımdakı xatırlatmanı da üstünə gəlsək, artıq problemi nisbətən həll eləmiş sayılırıq.
Bir az cəsarət istəyən tövsiyə
Bunlar hamının tövsiyə elədiyi, mənim də sınaqdan keçirib sizə dediklərimdir. Amma işin bir az cəsarət istəyən başqa bir tərəfi də var.
Əminəm ki, hamımızın bir sandıqçası var: istər Instagram-da, istər LinkedIn-də, yəni hər sosial mediyada saxlanılanlar (saved) bölməsi ideyalar, faydalı resurslarla doludur. Hətta bəzən onlar bəs etmir, ayrıca Notion səhifəsi belə yaradırıq ki, eləyəcəklərimizi, baxacaqlarımızı orda saxlayaq. Oxunmalı kitablar, məqalələr, araşdırmalı xırda resurslar və nələr nələəər...
Tam da onu silib yox eləmək lazımdır. Maraqlı bir məqalə tapanda tez bir şəkildə gözünüzlə skan edin, əgər işinizə yarayacaq bir şey görürsünüzsə, ən tez zamanda oxuyub bitirin.
Əks halda todo list-inizi beyninizdə daşımalı olacaqsınız, o da sizə rahatlığınız bahasına başa gələcək.
Nəticə
Unutmayaq ki, bu sindrom əslində potensialınızın böyüklüyündən və daxilinizdəki öyrənmək həvəsindən xəbər verir. Sadəcə o enerjini düzgün yönləndirmək, tərbiyə etmək lazımdır. Qısacası, hər yeni və parıldayan şeyin arxasınca qaçmaq əvəzinə, əlimizdə olanı parıldatmağa fokuslanaq ki, ortaya daha yaxşı versiyamızı qoyaq :)
Müəllif: Nilufər Səfərli
