Linux əməliyyat sistemi bu gün serverlərin böyük hissəsində istifadə olunur. DevOps, sistem inzibatçılığı, kibertəhlükəsizlik və bulud texnologiyaları sahəsində işləmək istəyən hər kəs üçün Linux bilmək artıq seçim deyil, zərurətdir.
Linux-u öyrənməyə başlayanların ilk qarşılaşdığı mühit isə terminal olur. Qrafik interfeys olsa da, real iş mühitində əmrlər sətri (command line) ilə işləmək daha sürətli və effektivdir.
Bu yazıda Linux-da ən çox istifadə olunan sadə əmrləri real nümunələrlə izah edəcəyik.
Terminal nədir və niyə vacibdir?
Terminal — sistemlə birbaşa ünsiyyət qurduğun mühitdir. Burada yazdığın hər əmr əməliyyat sisteminə konkret tapşırıq verir.
Məsələn:
- • Fayl yaratmaq
- • Qovluq dəyişmək
- • Faylı silmək
- • Serverdə prosesləri izləmək
Linux öyrənməyə başlayan tələbələrə ilk dediyimiz şey budur:
Terminaldan qorxma. O sənin ən güclü alətindir.
1. pwd – Hal-hazırda hardayam?
Linux-da işləyərkən ilk bilməli olduğun şey: hazırda hansı qovluqdasan?
pwd əmri bunu göstərir.
pwdMəsələn nəticə belə ola bilər:
/home/elshanBu o deməkdir ki, sən istifadəçinin əsas (home) qovluğundasan.
Server mühitində işləyərkən səhv qovluqda əməliyyat aparmaq ciddi problem yarada bilər. Ona görə pwd kiçik görünür, amma çox vacibdir.
2. ls – Qovluğun içində nə var?
Cari qovluqdakı fayl və qovluqları görmək üçün istifadə olunur.
lsAmma real işdə biz adətən belə istifadə edirik:
ls -lBu variant sənə əlavə məlumat verir:
- • Fayl ölçüsü
- • İcazələr (permissions)
- • Sahibi
- • Tarix
Əgər gizli faylları da görmək istəyirsənsə:
ls -laLinux-da nöqtə (.) ilə başlayan fayllar gizli sayılır. Məsələn .bashrc.
3. cd – Qovluq dəyişmək
Linux-da hər şey qovluq strukturu üzərində qurulub. Ona görə cd əmri ən çox istifadə olunan əmrlərdəndir.
Məsələn:
cd DocumentsBir səviyyə geri qayıtmaq üçün:
cd ..Birbaşa home qovluğa getmək üçün:
cd ~Serverdə işləyərkən tez-tez /etc, /var, /opt kimi qovluqlara keçməli olacaqsan. Ona görə cd əmri refleks halına gəlməlidir.
4. mkdir – Yeni qovluq yaratmaq
Yeni layihə üçün qovluq açmaq çox sadədir:
mkdir projectBir neçə qovluğu eyni anda yaratmaq da mümkündür:
mkdir backend frontend databaseReal DevOps mühitində layihə strukturunu düzgün qurmaq üçün bu əmrdən çox istifadə olunur.
5. touch – Fayl yaratmaq
Boş fayl yaratmaq üçün:
touch app.pyBu əmrlə app.py adlı boş fayl yaradılır.
touch əslində faylın zaman məlumatını dəyişmək üçün nəzərdə tutulub, amma praktikada ən çox fayl yaratmaq üçün istifadə olunur.
6. cp – Kopyalamaq
Faylı kopyalamaq üçün:
cp file.txt backup.txtQovluq kopyalamaq üçün isə -r (recursive) istifadə olunur:
cp -r project project_backupServerdə konfiqurasiya fayllarını dəyişməzdən əvvəl ehtiyat nüsxə almaq çox vacibdir. Bu zaman cp həyat qurtaran əmr olur.
7. mv – Köçürmək və ya ad dəyişmək
mv iki məqsədlə istifadə olunur:
- 1️⃣ Faylı köçürmək
- 2️⃣ Faylın adını dəyişmək
Ad dəyişmək:
mv file.txt newfile.txtBaşqa qovluğa köçürmək:
mv file.txt /home/elshan/Desktop/Linux-da ayrıca “rename” əmri istifadə etməyə ehtiyac yoxdur – mv kifayətdir.
8. rm – Silmək
Faylı silmək üçün:
rm file.txtQovluq silmək üçün:
rm -r folderLinux-da “zibil qutusu” yoxdur. Sildin → getdi.
Server mühitində səhv rm -rf əmri ciddi fəsadlara səbəb ola bilər. Ona görə bu əmrlə diqqətli olmaq lazımdır.
Linux əmrlərini öyrənmək kimlər üçün vacibdir?
Linux əmrləri xüsusilə vacibdir:
- • DevOps mühəndisləri
- • Sistem inzibatçıları
- • Bulud mütəxəssisləri
- • Kibertəhlükəsizlik sahəsində çalışanlar
- • RHCSA və digər sertifikata hazırlaşanlar
Əgər sən real serverlərlə işləmək istəyirsənsə, bu əmrlər sənin gündəlik alətlərin olacaq.
Nəticə:
Linux-da sadə əmrlər kiçik görünə bilər. Amma bütün böyük sistemlər məhz bu fundamental anlayışlar üzərində qurulur.
Terminal ilə rahat işləyə bilən insan:
- • Problemi daha tez həll edir
- • Serverdə daha az səhv edir
- • Avtomatlaşdırmaya daha tez keçə bilir
Linux öyrənmək istəyən hər kəs üçün ilk addım bu əmrləri praktikada tətbiq etməkdir.
